Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən kompleks islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində peyvəndləmə prosesinin daha da təkmilləşdirilməsi məqsədi ilə nazirlik tərəfindən yeni Smart Peyvənd Sistemi avadanlıqları alınıb.
Yeni avadanlıq peyvəndləmə prosesinin tam avtomatlaşdırılmasını, həmçinin peyvəndlərin düzgün saxlanılması, idarə edilməsi və tətbiqi məsələlərini daha etibarlı və effektiv şəkildə həyata keçirmək üçün nəzərdə tutulub. Sistemin əsas üstünlüyü isə peyvəndlərin saxlanması və tətbiqi zamanı yüksək texnologiyalardan istifadə olunmasıdır. Bu sistem vasitəsilə hər bir peyvəndin düzgünlüyü barkod sistemi ilə yoxlanılacaq, soyuducularda isə temperatur davamlı olaraq qorunacaqdır. Temperaturun düzgünlüyü və saxlanma şəraiti, qapı açıldığı zaman belə dəyişməyəcək, bu da peyvəndlərin effektivliyini və təhlükəsizliyini təmin edəcəkdir.
Bu avadanlıqlar yaxın zamanlarda muxtar respublika ərazisində yeni fəaliyyətə başlamış Ailə Sağlamlıq Mərkəzlərinə paylanılacaq və peyvəndləmə xidmətlərinin keyfiyyətini daha da yüksəldəcəkdir.