Ailə, icma və bələdiyyələr

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib. 

Akademiyanın rektoru Urxan Ələkbərov Azərbaycanın sürətli inkişaf yolundan danışıb və ölkəmizin hər sahədə yüksək göstəricilərinin olduğunu bildirib. Əlavə edib ki, bu yeni dövlət idarəçilik texnologiyalarının tətbiqinin nəticəsidir.

AQUPDK-nin sədri Bahar Muradova dünyada gedən proseslərin çətinliklərinə daha çox məruz qalan ailənin mənafeyi, maraqları və problemlərinin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və bələdiyyələrin bu sahədə rolunun artırılmasının vacibliyini bildirib.

 Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qeyd edib ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün çoxsaylı sərəncamlar imzalanıb və qanunvericilik istiqamətində atılan addımlar öz müsbət təsirini göstərməkdədir. 

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev, Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri İsaxan Vəliyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova çıxış edib. 

Konfransın sonunda Bahar Muradova və ABMA-nın Əlaqələndirici koordinatoru Aydın Muradov Anlaşma Memorandumu imzalayıblar. Sənəd Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə  AQUPDK-nin əsasnaməsinə və ABMA-nın nizamnaməsinə uyğun olaraq, tərəflər arasında növbəti 3 ildə qarşılıqlı əməkdaşlığı tənzimləyəcək.

Z.HÜSEYNOVA
XQ

 

Son xəbərlər