Milli Observatoriya ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

post-img

Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə rektor Elbrus İsayev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə və hər üç qurumun rəhbər şəxsləri iştirakı edib.

NDU-nun rektoru Elbrus İsayev görüşü olduqca əhəmiyyətli və vacib əməkdaşlıq olaraq qiymətləndirib. Universitetin çoxşaxəli kadr hazırlığından bəhs edib və əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı və təşəbbüskar tərəf kimi gözləntilərinin yüksək olduğunu vurğulayıb. Dövlət-universitet-sənaye əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin  müavini, nazir vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə gənclərlə işin təşkili, onların peşəkar kadr kimi formalaşması, eyni zamanda əmək bazarına daxil olan ali təhsilli gənclərin məşğulluğunun təmin edilməsi yönündə fəaliyyətlərindən bəhs edib. Universitet-sənaye işbirliyinin ölkənin iqtisadi inkişafına və işçi qüvvəsinin potensialının artırılmasına mühüm töhfə olduğunu vurğulayıb və əməkdaşlıqların əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasına hədəfləndiyini qeyd edib.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Observatoriyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi sahəsində qurum tərəfindən sorğuların və tədqiqatların aparıldığını, ilkin nəticələrin olduğunu vurğulayıb. Universitet ilə birgə əməkdaşlığın irəlidə daha uğurlu göstəricilərin əldə olunmasına yol açacağını əlavə edib.

Qarşılıqlı əməkdaşlığın müzakirə olunduğu görüşdə NDU məzunlarının məşğulluq səviyyəsinin ölçülməsi, əməkbazarına adaptasiya vəziyyətinin təhlil edilməsi sahələri üzrə birgə tədqiqatların, təhlillərin və araşdırmaların aparılmasına dair fikir mübadiləsi aparılıb. Eyni zamanda əməkbazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla təhlili, gələcəyin ixtisaslarının və müasir iş dünyasının tələb etdiyi kompetensiyaların müəyyənləşdirilməsi istiqamətində qarşlıqlı təkliflər səsləndirilib. Həmçinin birgə elmi konfransların və təhlillərin təşkili, NDU-nun elmi və tədirs-innovasiya infrastrukturundan Milli Observatoriyanın faydalanması və tərəflər arasında bir çox məsələlər müzakirə olunub. Qeyd olunan başlıqlar əsasında birgə əməkdaşlığın gücləndirilməsi razılığına gəlinib. Bu məqsədlə NDU və Milli Observatoriya arasında sədr Elnur Səfərli və rektor Elbrus İsayev tərəfindən birgə memorandum imzalanıb. Memoranduma əsasən hər iki Tərəf üçün qarşılıqlı maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək və həyata keçirmək planlaşdırılıb.

Sonda Milli Observatoriya və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq münasibəti ilə sədr Elnur Səfərli və rektor Elbrus İsayev görüşdən xatirə olaraq qarşılıqlı hədiyyə təqdim edib və foto çəkilib.

 



Son xəbərlər