AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Nezahat Ceylan, AMEA Naxçıvan Bölməsinin gənc arxeoloqları Elmar Baxşəliyev, Heyran Həsənova və Zinyət Məmmədovanın həmmüəllifliyi ilə “Bülövqayada Ubeyd mədəniyyətinin izləri (Naxçıvan, Azərbaycan)” adlı kitab işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətinin məlumatına görə, kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında nəşr olunub. Əsərin elmi redaktoru AMEA-nın həqiqi üzvü, professor İsmayıl Hacıyev, rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.
Kitab Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində 2024-cü ildə aparılmış arxeoloji qazıntıların nəticəsindən bəhs edir. Belə ki, əsərdə qazıntı zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Yaxın Şərq və Cənubi Qafqazın digər Eneolit dövrü abidələrinin tapıntıları ilə müqayisəli şəkildə araşdırılmışdır.
Kitab əsasən “Giriş”, 11 başlıq və “Nəticə”dən ibarətdir. Əsərin girişində Cənubi Qafqazın bəzi qədim abidələrinin Mesopotamiya mədəniyyətləri ilə bağlılığı məsələsinin elmin gündəminə gəlməsindən, mövzu ilə əlaqədar günümüzədək aparılan araşdırmalardan bəhs olunur.
“Bülövqaya yaşayış yerində arxeoloji qazıntılar”, “Tikinti qalıqları”, “Əmək alətləri” və “Obsidian və çaxmaqdaşı alətlər” adlanan başlıqlarda Bülövqaya arxeoloji ekspedisiyasının apardığı araşdırma, abidə ərazisindəki tikili qalıqlarının strukturu, tikinti texnologiyası, tikililərin istifadə məqsədi, yaşayış yerində tapılmış əmək alətlərinin mahiyyəti, həmçinin istifadə olunan obsidianın mənşəyi barədə məlumatlar yer alır.
Keramika məmulatları barədə məlumatlarda 2024-cü ilin qazıntıları zamanı yaşayış yerində 8507 keramika nümunəsinin aşkar edildiyi qeyd olunur. Həmin keramika məmulatları dörd qrupda təhlil edilir, onların mədəni mənsubiyyəti və xronologiyasının səciyyəvi xüsusiyyətləri qeyd olunur.
Kitabın Naxçıvan və Urmiya hövzəsi abidələrinin xüsusiyyətlərindən bəhs edən hissəsində əldə olunan yeni elmi materiallar ümumiləşdirilir.
Tədqiqatçıları gəldiyi nəticə ondan ibarətdir ki, Bülövqayada məskunlaşmış qədim tayfalar köçmə maldarlıqla məşğul olmuş, Naxçıvan bölgəsi e.ə.V minillikdə Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələri genişləndirmişdir. Qeyd olunur ki, abidədən aşkarlanan keramika nümunələri Ubeyd mədəniyyətinin izlərini daşımaqla bərabər, bölgəyə köç edən Ubeyd tayfalarının zamanla yerli əhali ilə qaynayıb-qarışdığını göstərir. Bu baxımdan Bülövqaya keramikası Ubeyd mədəniyyətinin yerli variantlarından biri kimi səciyyələndirilə bilər.
Yaşayış yerinin ümumi görünüşü, topoqrafik planı, qazıntı zamanı aşkarlanan arxeoloji tapıntıların fotoşəkilləri və təsvirləri, habelə Naxçıvanın Erkən və Orta Eneolit dövrü yaşayış yerlərindən alınan karbon nümunələrin analizinin nəticələri kitabın sonuna əlavə edilmişdir.
Kitab Azərbaycan, ingilis və rus dillərində olmaqla 3 dildə hazırlanıb. Bu isə Naxçıvan arxeologiyası ilə bağlı əldə olunmuş elmi yeniliklərin daha geniş ictimaiyyətə çatdırılması və təbliği məqsədi daşıyır. Əsərin ərsəyə gəlməsində 60-a yaxın elmi mənbədən istifadə olunub.