Hüquq üzrə tanınmış simalarla təmsil olunan Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
İclasda Baş prokuror Kamran Əliyev vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin təkmilləşdirilməsinə istiqamətləndirilmiş genişmiqyaslı islahatedici tədbirlər ölkə qanunvericiliyinin müasir tələblərə cavab verməsini mütləq edir. Çıxışda qeyd edilib ki, ilk növbədə, hüquq-mühafizə sahəsində fəaliyyət göstərən dövlət məmurları təcrübədə rastlaşdıqları hüquqi problemləri dərindən təhlil etməli, onların optimal həlli yollarını müəyyən etməli və hüquq ictimaiyyətinin müzakirəsinə çıxarmalıdırlar.
İclasda peşə səhlənkarlığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi, vergi və “qara mühasibatlıq” sənədlərinin ekspertizası zamanı yaranan fikir ayrılıqları və ziddiyyətlər, habelə milli və xarici valyutadan istifadə etməklə törədilən müxtəlif kateqoriya cinayətlər üzrə pul vəsaitlərinin cinayətin alət və vasitəsi kimi qiymətləndirilməsində olan problemlər müzakirəyə çıxarılıb.
Qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb. Şura üzvlərinin rəy və təklifləri dinlənilib, təqdimatları keçirilmiş vəsaitlər maraqla qarşılanıb.
XQ