“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın daha da yaxşılaşdırılması məqsədilə Hemodializ Mərkəzi yaradılır.
Pasiyentlərə daha rahat və keyfiyyətli xidmətin göstərilməsi, müasir avadanlıqların alınması məqsədilə müvafiq satınalmalar həyata keçirilib. Burada quraşdırılan osmos cihazları hemodializ prosesində toksinlərin və artıq maddələrin təmizlənməsini təmin edəcək. Mərkəzdə uşaqların dializ prosesini daha rahat keçirmələri üçün pediatrik dializ bölməsi də yaradılıb.
Alınan avadanlıqlardan Şərur Rayon Mərkəzi Xəstəxanasına 4 ədəd, Sədərək Rayon Mərkəzi Xəstəxanasına isə 2 ədəd hemodializ cihazı veriləcək. Sədərək Rayon Mərkəzi Xəstəxanasında əvvəllər hemodializ cihazı olmadığı üçün xəstələr müalicə üçün Şərur Rayon Mərkəzi Xəstəxanasına müraciət etmək məcburiyyətində qalırdılar. Yeni təchizatla, digər rayonlarda da xəstəxanalarda hemodializ cihazlarının sayı artırılacaq və yeni bölmələr yaradılacaqdır.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan