Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva ilə görüşündə iki dövlət arasında çoxillik səmərəli əməkdaşlığı genişləndirmək üçün həyata keçirilən birgə layihələrin önəmi vürğulanıb.
Özbək tələbələrin xalqımızın zəngin mədəniyyətinə və ədəbiyyatına artan marağından danışan rektor rəhbərlik etdiyi ali məktəbdə Azərbaycan dili tədrisinin uğurla davam etdirildiyini söyləyib. O, bu layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Akif Marifli səmimi qəbula görə təşəkkür edərək deyib ki, Azərbaycan dili təkcə öz xalqımızın ünsiyyət vasitəsi deyil, həm də qardaş türk toplumları ilə genişlənən əməkdaşlığa körpü salır. Soydaşımız layihənin davam etdirilməsi, universitetdə yaradılan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini zənginləşdirilməsi üçün nəzərdə tutulan növbəti dəstək barədə məlumat verib.
Mədəniyyət Mərkəzinin iki ölkənin bakalavr, magistr və doktorantura tələbələrinin elmi əməkdaşlığı, tələbə mübadiləsi, birgə nəşrlərin hazırlanması ilə bağlı təklifləri görüşdə maraqla qarşılanıb.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd