Məktəblilərimiz orbitə peyk buraxacaqlar

post-img

Məktəblərin müasir texnoloji avadanlıqlarla təmin edilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində atılan addımlar şagirdlərin gələcək uğurlarında mühüm rol oynayır. Kosmik yeniliklərlə bağlı seminarlar, təlim proqramları və layihələr vasitəsilə şagirdlər kiçik yaşlarından müasir texnologiyaların necə işlədiyini öyrənir və bu sahədə öz gələcək karyeralarını qurmağa təşviq olunurlar.

2025-ci ildə bu təşəbbüslərin zirvə nöqtələrindən biri olaraq “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır. Bu layihə KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7–9-cu sinif şagirdləri arasında keçiriləcək.

Xatırladaq ki, “PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur. Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.

Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq. Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır.

Qəzənfər QASIMOV
XQ

Son xəbərlər