Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə və diqqətə görə bütün Kipr türk xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”.
Bunu ŞKTC-in Baş naziri Ünal Üstel yanvarın 31-də Lefkoşada Rauf Denktaş və Fazıl Küçük Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunun açılışında bildirib.
Lefkoşada keçirilən tədbirdə Milli Məclisin deputatlarının da iştirak etdiyi 3 günlük məclisdə Üstel xatırladıb ki, Türkiyə ilə yanaşı, ŞKTC liderlərini xaricdə ilk dəfə Azərbaycanda da dövlət protokoluna uyğun olaraq qarşılayıblar.
ŞKTC hökumətinin başçısı Bakıya səfərləri ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, aparılan danışıqlar zamanı təhsil, turizm, ticarət, idman və digər sahələrdə əlaqələrin qurulması mümkün olub: “Biz bundan sonra da addımlar atmağa hazırıq. Gələcəkdə də ölkələrimizin gəncləri arasında əlaqələrin qurulması istiqamətində addımlar atmağa, ŞKTC-in Azərbaycanla münasibətlərini maksimum dərəcədə inkişaf etdirməyə hazırıq”.
Hökumət başçısı yarım əsrdir davam edən beynəlxalq təcrid və Kipr türklərinin hüquqlarının pozulması məsələsinə diqqət çəkib: “ŞKTC müstəqil dövlətdir və heç bir qüvvənin nəzarəti altına düşmək niyyətində deyil. Məqsədimiz Türk dünyası ilə birlik və əməkdaşlıqdır”.
XQ