Braziliyada mütəxəssislər Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”nın (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin “qara qutu”larının məlumatlarını təhlil etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
Bildirilir ki, Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələri Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) görüşüblər. Mütəxəssislər pilotların danışıqlarını və qəzaya qədər bütün uçuş boyunca təyyarənin vəziyyəti haqqında informasiyaları əks etdirən “qara qutu”ların məlumatlarının çıxarılması və təhlili üzərində işləyirlər.
“CENIPA baş verənləri modelləşdirmək və aydınlaşdırmaq üçün virtual qrafik rekonstruksiya yarada biləcək. Braziliya təhlilinin nəticələri Qazaxıstanın məsuliyyət daşıdığı təhqiqatın yekun hesabatında dərc ediləcək. Texniki məlumatlar təcili eniş zamanı nasazlıqları, eləcə də Bakıdan yola düşən AZAL reysinin marşrutunun dəyişməsini izah etməyə kömək göstərəcək”, - deyə G1 portalında vurğulanıb.
Qeyd edək ki, “Embraer-190” təyyarəsi Braziliyada istehsal olunduğu üçün təhqiqata bu ölkə də qoşulub.
Xatırladaq ki, Bakı-Qroznı aviareysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.