Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutu”larının Braziliyaya göndərilməsini yeganə düzgün qərar adlandırıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı “Ана тілі” qəzetinə müsahibəsində bunun araşdırmanın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün zəruri olduğunu qeyd edib.
Tokayev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün hökumət komissiyasının yaradıldığını xatırladıb. “Bundan əlavə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən olan nümayəndələr də daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub”, - deyə dövlət başçısı əlavə edib.
O, qazax xalqının təyyarə qəzası qurbanlarına həmrəylik göstərdiyini, vətəndaşların kütləvi şəkildə qan verməyə tələsdiklərini bildirib.
“Xilasetmə xidmətlərimiz, tibb işçilərimiz və polis əməkdaşlarımız operativ və əlaqəli şəkildə fəaliyyət göstərərək, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirdilər. Faciənin baş verdiyi yerə yaxın ərazidə olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin işçiləri dərhal zərərçəkənlərə kömək etməyə başladılar. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün olan maksimum sayda insan xilas edildi. Xilasetmə əməliyyatlarında iştirak edən hər kəsə səmimi minnətdarlığımı bildirirəm”, - deyə Tokayev bildirib.