Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova İtaliyanın Azərbaycandakı səfiri Luka Di Cianfrançesko ilə görüşüb.
Söhbət zamanı Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bildirilib ki, enerji və iqtisadi sahədə mövcud əməkdaşlıq əlaqələri digər sahələrdə də münasibətləri daha da genişləndirməyə imkan verir. Rarlamentlər arasında əlaqələrin daha da inkişafının vacibliyi də qeyd olunub.
Milli Məclisin sədri Sahibə Qafarova özünün İtaliyaya rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişləndirilməsinə müsbət töhfə verdiyini bildirib.
Spiker bəzi Qərb ölkələrinin Azərbaycana qarşı yalan, böhtan kampaniyası apardığını, xüsusilə COP29 ərəfəsində bu cür kampaniyaların daha da genişləndiyini səfirin diqqətinə çatdırıb. O cümlədən bəzi milli parlamentlərdə və beynəlxalq parlament təşkilatlarında ölkəmizlə bağlı qərəzli qərarların qəbul edilməsinin yolverilməz olduğu, bu addımın həmin təşkilatların özlərinin nüfuzuna xələl gətirdiyi vurğulanıb.
İtaliyanın ölkəmizdəki səfiri Luka Di Cianfrançesko COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, İtaliya Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin bu mühüm qlobal tədbirdə iştirak etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova dünən ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Xalqlarımız arasındakı tarixi əlaqələrdən, ortaq dəyərlərdən danışan Milli Məclisin sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan–Rusiya münasibətlərinin bu gün də prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
S.Qafarova indiyədək Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 300-dək sənədin imzalandığını bildirərək, onların arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb. Qonaq Rusiya–Azərbaycan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, Dağıstanda tarixən böyük Azərbaycan bölgəsinin olduğunu və azərbaycanlıların burada vahid ailə kimi yaşadıqlarını diqqətəçatdırıb.
Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib.
XQ