Dekabrın 20-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.
Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin dekabrın 17-də və 18-də qardaş Türkiyəyə rəsmi səfəri barədə məlumat verib.
Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Parlamentin sədri gündəliyə 11 məsələnin daxil edildiyini və ilk məsələnin üçüncü oxunuşda təqdim olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu söyləyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların bəzi məsələlərlə bağlı öz qeydlərini səsləndirdiyini bildirib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Gündəlikdəki digər 8 məsələ ikinci oxunuşda qanun layihələri olub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” qanunun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini və rəhbərlik etdiyi komitənin rəyini bildirib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, komitə sədrləri Səməd Seyidov və Əli Hüseynli rəhbərlik etdikləri komitələrin bu sənəd barədə müsbət rəyini diqqətə çatdırıblar. Məsələlərlə bağlı müzakirələrdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat veriblər.
Komitə sədri Azər Əmiraslanov "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qanun layihələri ikinci oxunuşda qəbul olunub.
Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən komitə sədri Əli Hüseynli qeyd edib ki, sənəd bir sıra qanunların qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Sənədin müzakirəsində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun qeydi dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Gündəliyin son iki məsələsi birinci oxunuşda qəbul edilib.
“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
XQ