Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Çin Kommunist Partiyasının dəvəti ilə noyabrın 13–20-də Çində səfərdə olmuş YAP nümayəndə heyətinin bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ilə görüşü keçirilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində yüksələn xətt üzrə inkişaf edən Azərbaycan–Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib. Deyib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradələri sayəsində Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ilə ölkələrarası münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Din Tao Çinin COP29-da Baş nazirin müavini Din Süesənin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti və min nəfərədək digər iştirakçı ilə təmsil olunduğunu xatırladıb. Müvəqqəti işlər vəkili bəzi qüvvələrin qarayaxma kampaniyası aparmasına və prosesə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə göstərdiyini bildirib.
XQ