Küveyt səfiri XİN-də

post-img

Noyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyri ilə görüşüb. Səfir etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib.

Ceyhun Bayramov yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bu il Küveytlə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və digər istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub. Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfir Azərbaycan ilə Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

Son xəbərlər