AHİK sədrinin BHİK-nin baş katibi ilə görüşü

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov COP29-da iştirak etmək üçün Bakıya səfər edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql ilə görüşüb.

Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanın yüksək peşəkarlıqla ev sahibliyi etdiyi COP29 şəffaf, qərəzsiz və inklüziv şəkildə keçir. O, COP29-un nəticələrinin ekoloji təsirlərin azalmasına, iqlim dəyişmələri ilə mübarizədə yüksək nəticələrin əldə olunmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını qonağın diqqətinə çatdırıb. Konfederasiya sədri Azərbaycanda təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində atılan addımlardan da söz açıb, həmkarlar ittifaqları tərəfindən işçilərin sağlamlıqlarına göstərilən qayğını, normal istirahətləri üçün yaradılan şəraiti qeyd edib.

Həmçinin vurğulanıb ki, qurum fəaliyyətində beynəlxalq əməkdaşlığı prioritet hesab edir, əmək hüquqları sahəsində dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi və tətbiqi istiqamətində iş aparır. Bu aspektdə BHİK ilə əməkdaşlığın faydalarından danışan Sahib Məmmədov münasibətlərin bundan sonra da genişləndirilməsi istiqamətində müvafiq addımlar atmaq, daha sıx təmaslar qurmaq niyyətində olduqlarını baş katibin nəzərinə çatdırıb.

BHİK-nın baş katibi Luk Trianql isə Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, COP29 yüksək səviyyədə təşkil olunub və nəticələri iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə xeyli faydalı olacaq. AHİK-in fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərdiklərini deyib.

XQ

Son xəbərlər