BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfransın iştirakçıları Mavi Zonada aksiya keçiriblər.
Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilmiş “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı aksiyanın iştirakçıları - Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verib, ekoloji çağırış ediblər.
Aksiyada Fransanın həyata keçirdiyi nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələri nümayiş olunub. “Soyuq müharibə” və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda həyata keçirilən bu sınaqlar həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyub. Fransanın Afrikadakı nüvə sınaqları torpağın, havanın və yeraltı suların kütləvi şəkildə radioaktiv çirklənməsinə səbəb olub.
Bildirilib ki, nüvə sınaqları ətraf mühitə və əhaliyə təsirləri məhdudlaşdırmaq üçün kifayət qədər ehtiyat tədbirləri görülmədən həyata keçirilib. Bu sınaqların təsirləri Fransa tərəfindən rəsmi olaraq tanınmayıb və yerli əhali rəsmi üzrxahlıq və təzminat tələb edib.
Aksiya zamanı Fransanın nüvə sınaqlarının mənfi təsirlərini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.
XQ