COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə Azərbaycan Beynəlxalq Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb. Sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan AYİB prezidenti Odile Renaud-Basso imza atıblar.
Qeyd edək ki, 50 milyon dollarlıq saziş ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədi daşıyır. Belə bir razılaşma sənədi uzunmüddətli fasilədən sonra AYİB-in ölkəmizin maliyyə bazarlarına kifayət qədər iri məbləğdə investisiya ilə yenidən qayıdışıdır. Bu da sektora etimadın artmasından, Azərbaycanın bank sektorunda korporativ idarəetmənin inkişafından, eləcə də ABB ilə tərəfdaşlıq perspektivlərinə olan yüksək inamdan irəli gəlir.
AYİB-lə ticarətin maliyyələşdirilməsi üzrə belə bir tərəfdaşlıq ABB-nin real sektoru maliyyələşdirmək imkanlarını artıracaq, bankın beynəlxalq əməliyyatlarını dəstəkləyəcək. Eyni zamanda, bu addım idxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərinin əlçatanlığını artırmaqla yanaşı, kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını da genişləndirəcək.
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov bu sazişin ölkəmizdə biznesin dayanıqlı inkişafına, yerli sahibkarların beynəlxalq ticarətdə davamlı şəkildə iştirakına, dolayısı ilə insanlarımızın rifahına əhəmiyyətli töhfə olduğunu bildirib: “Biz ətraf mühit və gələcəklə bağlı məsuliyyətimizi öndə tutmaqla bu maliyyə resurslarından daha çox yaşıl iqtisadiyyat yönümlü layihələrin dəstəklənməsində istifadə etməyə çalışacağıq. Saziş çərçivəsində, ilk növbədə, karbon izlərini azaldan və yaşıl ticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək”.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti xanım Odile Renaud-Basso isə deyib: “Biz əminik ki, ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq, banka yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”.