Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb.
Hökumət Evinin ofisində baş tutan görüşdə xüsusi nümayəndə ilə yanaşı, onun müavini Səbuhi Mehdizadə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Növrəs Cəfərov da iştirak ediblər.
Rüstəm Minnixanov çıxışında hazırkı işgüzar əlaqələrin davam etdirilməsinin Rusiya–Azərbaycan münasibətlərinin gələcək inkişafı çərçivəsində vacibliyini vurğulayıb. Tatarıstanın Rəisi Azərbaycana işgüzar səfərini xatırlayaraq Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa-quruculuq işlərinin sürəti barədə olan müsbət təəssüratlarını qeyd edib. Sonra birgə layihələrin müzakirəsi olub, digər aktual mövzulara da toxunulub.
Vahid Hacıyevin Tatarıstana işgüzar səfəri Rüstəm Minnixanovun dəvəti əsasında baş tutub. Üç gün davam edəcək səfər zamanı Kazan və İnnopolis şəhərlərində bir sıra dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulub.
XQ