Ekoloji könüllülərin qeydiyyatı başa çatıb

post-img

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramı­na qeydiyyat dünən başa çatıb. 

COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, mayın 29-da elan olunan və həmin gündən etibarən fəal şəkildə müraciətləri qəbul edən Kö­nüllülük Proqramına qeydiyyat prosesinə iyunun 5-də saat 23:00-da yekun vurulub. Qeydiyyat prosesi zamanı 16 minə yaxın namizədin müraciəti daxil olub. COP29 Könüllülük Proqramı çərçivəsində qey­diyyat ərizələrini tamamlayan namizədlər yeni istifadəyə verilmiş Könüllülər Mərkə­zində iyulun sonuna qədər davam edəcək müsahibə prosesinə dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim ses­siyalarına, şəbəkələşmə imkanlarına və dayanıqlılıq istiqamətində qlobal hərəka­tın bir hissəsinə çevrilmək şansına sahib olacaqlar. 

Proqram könüllülərin layihəyə ra­hat və sistemli şəkildə qoşulmaları üçün “volunteers.cop29.az” portalı üzərindən icra edilir. Ölkəmizin ev sahibliyi edəcə­yi bu nüfuzlu iqlim tədbirinin təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici vətəndaşlar olmaqla, 3 min­dən çox könüllünü prosesə cəlb edəcək. 

XQ

Son xəbərlər