Fransanın “Le Figaro" qəzetində mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.
Beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. Onun fikrincə, iki ölkənin ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq keçmişdə qalıb.
“Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər”, - deyə məqalədə vurğulanıb.
Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqların iştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə imzalanacağına ümid edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər iki ölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid var ki, sonda bu problemə son qoyulacaq.
“Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona (Nikol Paşinyana – red.) qarşı birləşsələr də, o, artıq bir şeyi başa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi və iqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmağa imkan verəcək”, - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.
Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs edir. Lakin bu məsələ yalnız, insanların və malların sərbəst hərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq.
“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı ümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və sözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamış gözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinə yetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsinin həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, - deyə müəllif S.Bussua bildirib.