Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında Muxtar Respublika Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinlənilib.
Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Nazirlər Kabinetinin hesabatı komitələrdə müzakirə edildikdən sonra parlamentin müzakirəsinə tövsiyə olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli, Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli, Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova və İqtisadi siyasət komitəsinin sədri İsa İsayev təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.
Deputatlardan Fərəc Fərəcov, Ehtimad Məmmədov, Vüqar Abbasov, Aidə Allahverdiyeva, Arif Qasımov və Nüsrət Həsənov hesabatla bağlı təklif və tövsiyələrini bildiriblər. Deputatlar seçicilərin qaldırdıqları məsələləri də hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Ali Məclisin sədr müavini Anar İbrahimov bildirib ki, hökumətin hesabatının dinlənilməsi yeni prosedur kimi muxtar respublika üçün faydalı olacaq. O, Ali Məclis adından Muxtar Respublika Nazirlər Kabinetinə qarşıdakı dövrdə fəaliyyətində uğurlar arzulayıb.
XQ