MDB İnformasiya Şurasının XXXI iclası

post-img

Mayın 3-də Bakıda Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXI iclası keçirilib. Görüş AZƏRTAC-ın binasında keçirilib.  

İclasda iştirak edən AZƏRTAC, TASS, BELTA, “Kabar” və “Xovar” agentliklərinin rəhbər şəxsləri əməkdaşlığın perspektiv istiqamətlərini, həmçinin gələn il İkinci Dünya müharibəsinin 80 illik yubileyinin qeyd edilməsinə hazırlıq üzrə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.  

Azərbaycan Dövlət İnformasiya Agentliyi İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, AZƏRTAC Birliyə üzv dövlətlərin informasiya agentlikləri ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. 

MDB Baş katibinin müavini Denis Trefilov qonaqpərvərliyə, Bakıda toplaşmaq, fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə kömək edən tədbirləri işləyib hazırlamaq imkanına görə AZƏRTAC-a təşəkkürünü bildirib. 

Sonra çıxış edən Vüqar Əliyev iqlim dəyişikliyi və yaşıl enerji məsələlərinin işıqlandırılmasından bəhs edib. Prezident İlham Əliyevin cari ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladan sədr iclas iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizdə bu sahədə böyük layihələr həyata keçirilir.  Vüqar Əliyev deyib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Tamamilə dağıdılmış və yenidən dirçəldilən bu ərazilərdə yaşıl enerji o yerlərin bərpası prosesinin əsas istiqaməti olacaq”.   

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyini xatırladan İdarə Heyətinin sədri vurğulayıb ki, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və ölkəmizə 80 minə yaxın əcnəbi qonaq gələcək. AZƏRTAC bu konfransın işıqlandırılmasında fəal iştirak edəcək. 

Vüqar Əliyev həmkarlarını iyulun 
22-də Şuşa şəhərində keçiriləcək Qlobal Media Forumunda iştirak etməyə dəvət edib. 

MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşov Rusiya Federasiyasının MDB-də sədrliyi ilində Birlik ölkələrinin dövlət informasiya orqanları arasında əməkdaşlıq istiqamətləri barədə məlumat verib. 

BELTA-nın baş direktoru İrina Akuloviç Belarusun faşist işğalçılarından azad edilməsinin və İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı agentliyin layihələri barədə danışıb. 

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Mederbek Şermetaliyev və Tacikistan Respublikasının “Xovar” Milli İnformasiya Agentliyinin direktoru Subhiddin Şamsiddinzoda Qələbənin 80 illik yubiley tədbirlərini işıqlandırmaq üçün rəhbərlik etdikləri strukturların hazırlıq işlərindən bəhs ediblər. 

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Qələbənin 80 illiyinə həsr olunacaq və SSRİ-nin hər bir xalqının onun qazanılmasına töhfəsini əks etdirəcək xüsusi nəşr hazırlamağı təklif edib.  Onun təklifi qəbul edilib.

Son xəbərlər