Ölkəmizin BMT ilə əlaqələri uğurla inkişaf edir

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Görüş zamanı ölkəmizin BMT və onun ixtisas­laşmış qurumları ilə uğurlu əməkdaşlığı, Azər­baycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində BMT Ni­zamnaməsinin məqsədlərinə nail olunması sahə­sində verdiyi töhfələr haqda danışılıb.

S.Qafarova BMT Baş Assambleyası və onun prezidentinin çoxtərəflilik, beynəlxalq hüququn təşviqi və dövlətlərarası əməkdaşlığın inkişa­fı ilə bağlı təşkilatın rolunun möhkəmləndiril­məsinə verdiyi dəyərli töhfələri təqdir edib və Baş Assambleya prezidentinin elan etdiyi 4 priori­tet istiqamət – sülh, tərəqqi, firavanlıq və davam­lılıq üzrə birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq hüququn universal norma və prinsiplərinə, xüsusən ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət bu istiqamətlərin reallaşdırıl­ması baxımından zəruriliyi vurğulanıb.

Qonağa regiondakı mövcud vəziyyət barədə məlumat verən spiker Azərbaycanın öz əraziləri­ni Ermənistanın işğalından azad etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri, işğalçı ölkə tərəfindən basdırılmış mi­naların törətdiyi təhlükə haqda danışıb, qeyd olu­nan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub. 

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsin­də görüləcək işlərdən söz açan spiker Milli Məcli­sin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danı­şıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfin­dən təşkil olunan Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Birləşmiş Mil­lətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis Azər­baycanın BMT və onun ixtisaslaşmış qurumların­dakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymət­ləndirib. Ölkəmizin daim BMT-nin əsas dəyər və prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini deyən qonaq Azərbaycanın çoxtərəfliliyin təşviqi üzrə ro­lunu xüsusi qeyd edib.

Dennis Fransis COP29-un Azərbaycanda ke­çirilməsi ilə bağlı təbriklərini çatdıraraq, ölkəmizin bu tədbiri ən yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər