Dövlət ittihamı sahəsində səmərəliliyin artırılması istiqamətində tədbirlərə başlanılıb

post-img

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin regional iclaslarının keçirilməsinə başlanıb. XQ xəbər verir ki, tədbirlər Baş prokuror Kamran Əliyevin tapşırığına əsasən dövlət ittihamı sahəsində fəaliyyətin səmərəliliyinin artırılması və bu sahədə işin müasir tələblər səviyyəsində qurulması məqsədilə keçirilir. 

Martın 9-da Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər), ağır cinayətlər və apellyasiya məhkəmələrinin dövlət ittihamçılarının iştirakı ilə keçirilmiş regional iclasda dövlət ittihamçılarının fəaliyyəti ilə əlaqədar qarşıda duran vəzifələr, vahid məhkəmə təcrübəsi və cəza siyasətinin formalaşdırılmasında dövlət ittihamçılarının rolu, istintaq qurumları ilə səmərəli qarşılıqlı əməkdaşlığın qurulması, Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işlərinin təhlili, istintaq qurumlarının fəaliyyətində bəraət hökmlərinin qəbul edilməsi ilə nəticələnən pozuntu və çatışmazlıqlar, habelə məhkəmə səhvləri, bəraət hökmləri, protestlərin verilməsi təcrübəsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılmış, Baş prokuror Kamran Əliyevin tapşırıq və tövsiyələri iclas iştirakçılarının nəzərinə çatdırılmışdır. 

Eyni zamanda, dövlət ittihamçıları tərəfindən “Elektron Prokurorluq” informasiya sistemi, o cümlədən “Elektron Dövlət İttihamı” proqramlarından istifadə vəziyyəti ilə yerində tanış olmaqla, bu sahədə konkret tələblər və qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Anar ƏLİ

XQ



Son xəbərlər