Milli Məclisdə beynəlxalq müşahidəçilərlə görüşlər

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Ərəb Parlamenti və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin nümayəndə heyətləri ilə keçirilən görüşlərdə 7 fevral – növbədənkənar prezident seçkilərinin yüksək beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyi qeyd olunub. 

Spiker bu seçkilərin 30 ilə yaxın işğal­dan sonra ilk dəfə bütün ərazilərimizdə ke­çirildiyini, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaq­larında səs verdiyini diqqətə çatdırıb.

S.Qafarova prezident seçkilərinin yük­sək beynəlxalq standartlara uyğun, azad və ədalətli şəkildə keçirildiyini bildirib. O, pro­sesin tam şəffaf təşkili üçün ümumilikdə, 90 min müşahidəçi qeydiyyatdan keçirildiyini vurğulayıb. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Bu müşahidəçilərin mütləq əksəriyyəti seçkilərlə bağlı müsbət fikirlərini ifadə ediblər. Eyni zamanda, prosesin media nümayəndələri tərəfindən hərtərəfli işıqlandı­rılması üçün hər cür şərait yaradılıb.

Görüşlərdə beynəlxalq parlament təş­kilatlarının nümayəndə heyətlərinin üzvləri prezident seçkilərinin yüksək səviyyədə təş­kilinə görə təbriklərini çatdırıblar. Qonaq­lar bir sıra seçki məntəqələrində səsvermə prosesini canlı izlədiklərini, həm seçkilərə hazırlığın yüksək səviyyədə həyata keçiril­məsindən, həm də səsvermə günü prosesin beynəlxalq standartlara uyğun təşkilindən məmnunluqlarını ifadə ediblər. Seçicilərin yüksək fəallığı əsas məqamlardan biri kimi qeyd olunub.

***

Dünən Milli Məclisin Sədri Sahibə Qa­farova Rusiya Federasiyası Federal Şurasının və Belarus Respublikası Milli Məclisi Res­publika Şurasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanda prezident seç­kilərinin beynəlxalq normalara uyğun ke­çirilməsi üçün yaradılan şərait və prosesin yüksək səviyyədə baş tutması barədə mə­lumat verilib. Qeyd olunub ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, kifayət qədər zəngin demokratik seçki təc­rübəsinə malikdir. 7 fevral - növbədənkənar prezident seçkilərinin də demokratik, azad, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlər görülüb. Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilər də bu faktları təsdiq ediblər.

Bununla yanaşı, ölkələrimiz və par­lamentlərimiz arasında münasibətlərə dair qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb. 

***

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbə­dənkənar prezident seçkilərini müşahidə et­mək üçün ölkəmizdə səfərdə olan İtaliya par­lamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

S.Qafarova prezident seçkilərini müşahi­də etdikləri üçün qonaqlara minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçkilər ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. İlk dəfə olaraq, seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olun­muş ərazilərində keçirilib. Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqə­sinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər