Diaspor rəhbəri: “Azərbaycanımızın parlaq gələcəyi üçün xalqımızı seçkilərdə fəal iştirak etməyə çağırırıq”

post-img

“Müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində keçiriləcək seçkiləri bu gənc respublikanın demokratik inkişafı yolunda mühüm addım və zəfər seçkiləri hesab edirik”. Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Mirsadiq Musavi deyib.

O, bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb: “Azərbaycan qalib ölkədir, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Artıq ölkəmizin hər bir guşəsində üçrəngli bayrağımız dalğalanır. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə seçkilər keçiriləcək və uzun illər doğma yurdlarından ayrı düşmüş həmvətənlərimiz öz ata-baba torpaqlarında səs verəcəklər. Xaricdə yaşayan azərbaycanlılar kimi bu bizi çox qürurlandırır”.

Mirsadiq Musavi qeyd edib ki, ölkə üçün bu tarixi məqam Azərbaycan xalqının güclü iradəsini ifadə edəcək və ölkənin gələcəyinə istiqamət verəcək.

Prezident seçkilərinin eyni zamanda Azərbaycanın demokratik təsisatlarının möhkəmlənməsi istiqamətində çox mühüm addım olduğunu vurğulayan diaspora rəhbəri Azərbaycandan kənarda yaşayan vətəndaşların da seçkilərdə iştirakını vacib sayıb.

O, sonda Azərbaycan vətəndaşlarını ölkənin parlaq və xoşbəxt gələcəyi üçün seçkilərdə fəal iştirak etməyə çağırıb. 

Son xəbərlər