“Xalqımızın müstəqillik uğrunda mücadiləsinin qarşısını almağa, fərqli formatlarda münaqişələr törətməklə bizi hədəflərimizdən yayındırmağa çalışan müxtəlif xarici qüvvələr tarix boyu olub. Bu gün də bu iddiada olanlar var. Amma böyük zəfərimizlə başa çatan 44 günlük müharibədən sonra Azərbaycan, ümumiyyətlə, bölgədə yeni reallıq yaratdı”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında tarixçi alim, hərbi-siyasi analitik Rizvan Hüseynov 7 fevral seçkilərinin tarixi-siyasi aspektlərini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan dövləti 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi birgünlük lokal antiterror tədbirlərindən sonra torpaqlarımızın işğal səhifəsini çevirməklə yanaşı, həm də separitizmin sonuna böyük bir nöqtə qoydu.
Növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarın vaxtında verildiyinə diqqəti çəkən R.Hüseynov, həmçinin bunun ölkəmizə verəcəyi töhfələrdən də bəhs edib: “Bu seçkilər həm daxili ictimai-siyasi proseslərə təkan verəcək, həm də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunu və çəkisini daha da artıracaq. Onun respublika daxilində başladılan islahatlara yeni nəfəs gətirəcəyi şübhəsizdir. Bu istiqamətdə böyük işlər görülür. Əsas odur ki, bundan sonra Azərbaycan Qarabağ ətrafında qurulmuş oyuna vaxt və qüvvə sərf etməyəcək”.
Tarixçi-alim demokratik və ədalətli seçkilərin Azərbaycan xalqının dünya arenasında qalxan statusuna yeni nəfəs verəcəyini də vurğulayıb: “Yeddi fevral seçkiləri həqiqətən də Azərbaycana xüsusi mandat və hüquq verəcək ki, dövlətimiz xarici siyasətində yeni uğurlara imza atsın. Biz artıq sabahın Azərbaycanından danışa bilərik. Söhbət beynəlxalq arenada ciddi siyasi, hətta hərbi-siyasi proseslərdə söz sahibinə çevrilmiş Azərbaycandan gedir”.