“Xalq qəzeti”ndə ödənişsiz təşviqat materialları ilə əlaqədar püşkatma keçirilib

post-img

Azərbaycanda növbədənkənar prezident seçkilərində qeydə alınmış namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün yanvarın 16-da “Xalq qəzeti”ndə dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilib.

AZƏRTAC xəbər verir ki, prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmış şəxslərin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Qüdrət Piriyev redaksiyada təşviqat işinin MSK-nın “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” təlimatına əsasən müəyyən edildiyini nəzərə çatdırıb.

Q.Piriyev əlavə edib ki, üç həftə ərzində 7 namizədin təşviqat materialları qəzetin şənbə və bazar günləri saylarında dərc olunacaq. Təşviqat materialları hər namizəd üçün B-2 formatlı qəzetdə yarım səhifə, yəni, 800 kvadratsantimetr həcmində nəzərdə tutulur.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetdə dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən, materialların dərc ardıcıllığı belə müəyyənləşib:

1. Qüdrət Həsənquliyev

2. Fuad Əliyev

3. Razi Nurullayev

4. İlham Əliyev

5. Zahid Oruc

6. Elşad Musayev

7. Fazil Mustafa

Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri - İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əhliman Tağıyev, Fazil Mustafanın səlahiyyətli nümayəndəsi Leyla Musayeva püşkatmanın şəffaf və obyektiv keçdiyini qeyd ediblər.

Qeyd edək ki, prezidentliyə namizədlərin təşviqatı MSK-nın müəyyən etdiyi bir telekanal (İctimai Teleradio Yayımları Şirkəti) və dörd mətbu nəşrdə (“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Бакинский рабочий”) aparılacaq.







Son xəbərlər