DTX cinayətkar dəstəni ifşa etdi

post-img

Son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla həmin dövlətə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yay­dığı məlumatda bildirilib.

Araşdırmalar zamanı, Lvovda yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, İstanbulda yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan qrup şəklin­də 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yol­la hazırlayıb, hər birini 30 min ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib.

DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycanda istintaqa cəlb edilmələri təmin olunub. Vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, satma və başqa cinayət əməllərinə görə onlara ittiham elan edilib.

Həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilib. Hazırda digər əlaqəli ci­nayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

XQ

Son xəbərlər