“Respublika Perinatal Mərkəzi”ndə yanğının təqsirkarları kimlərdir?

post-img

Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən XQ-yə verilən məlu­matda bildirilir ki, ilkin istintaq təd­birləri nəticəsində tibb müəssisə­sinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Toplanmış sü­butlarla mərkəzin direktoru Mehri­ban Abasquliyevanın müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təş­kil etməməsinə əsaslı şübhələr müəyyənləşdirilib. İstintaqla anes­teziologiya, reanimasiya və in­tensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhməd­linin də yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmalarına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar nəticəsində elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bununla da, 4 körpə ölüb və müəssisəyə ciddi əmlak ziyanı dəyib.

Açıqlamada qeyd edilir ki, iş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehri­ban Abasquliyevaya isə həmin Məcəllə­nin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər 3 təqsirləndirilən şəxs barəsində ev dustaq­lığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XQ

Son xəbərlər