Müdafiə Sənayesi Nazirliyinin növbəti dövr üçün planları açıqlanıb

post-img

“İstehsal etdiyimiz müasir standartlara cavab verən məhsulları həm silahlı qüvvələrimizin daxili təminatı, təchizatı baxımından istifadə edir, eyni zamanda ixrac siyasətimizin formalaşdırılmasında və qurulmasında bu məhsulları aktiv şəkildə tətbiq edirik. Lakin bu gün bununla kifayətlənməməliyik. Çünki dövlətimizin başçısı bizim qarşımızda çox önəmli tapşırıqlar qoyub. Bu tapşırıqlar xüsusilə müdafiə sənayesinin möhkəmləndirilməsində, şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində 
Azərbaycan güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atıb”.

Bu sözləri müdafiə sənayesi naziri Vüqar Mustafayev dekabrın 21-də Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumundakı “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusundakı panel iclasda söyləyib.

Nazir bildirib ki, növbəti dövrlərdə yeni müdafiə sənayesi sahələrinin yaradılmasında mövcud müdafiə sənayesi istehsalı sahələrinin təkmilləşdirilməsinə, istehsal gücünün, potensialının artırılmasına, eyni zamanda, istehsalda istifadə olunan müasir texnika və texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılacaq:

“Bununla yanaşı, paralel olaraq idarəetmədə qabaqcıl korporativ standartların tətbiq olunması, kadr siyasətinin təkmilləşdirilməsi və kadr potensialının artırılması, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlığın artırılması, özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, özəl sektor və dövlət arasında tərəfdaşlıq əlaqələrinin qurulması, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin və birgə istehsal sahələrinin yaradılması müvafiq hüquqi və qanunverici bazanın formalaşdırılması qarşıdakı fəaliyyətimizin mühüm hissəsi olacaq”.

Son xəbərlər