Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.
Kəmaləddin Heydərov FHN-in cari ildə dövlətimizin başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin olunması sahəsində aidiyyəti üzrə müvafiq tədbirlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini fasiləsiz davam etdirir. Bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Nazir bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Respublika üzrə cari il ərzində 13 min 891, o cümlədən Bakıda 4462, işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi qeydə alınıb. Bu da orta hesabla hər gün 42 yanğına çıxış deməkdir. Yanğınlardan 15 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 16 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 762 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
K.Heydərov deyib ki, xüsusi riskli xilasetmə qrupları 1286 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1432 nəfər zərərçəkmişi xilas edib, həmçinin 93 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla yanaşı, yanğınsöndürən-xilasedicilər tərəfindən 168 nəqliyyat və digər qəzalarda 269 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 61 nəfərin cəsədi avtomobillərdən çıxarılıb. Həmçinin 17 partlayış hadisəsi ilə əlaqədar xəsarət almış 20 nəfər və həlak olan 5 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 2023-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 110 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 94 nəfər olmaqla, cəmi 204 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 64 nəfərin cəsədi tapılıb.
Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı 112 - qaynar telefon xəttinə ümumilikdə 1 milyon 400 minə yaxın və ya orta hesabla hər gün 5 minə yaxın zəng daxil olub. Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 66 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkarlanmış atışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 390 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları verilib, eyni zamanda, 220 mindən çox vətəndaş yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb.
Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 40 min 80 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2909 müəssisədə 34 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Eləcə də 5680 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 272 nəzarət-yoxlama tədbiri, eyni zamanda, radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 353 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 98 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2164 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
Daha sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamı oxunub, həmçinin dövlətimizin başçısının imzaladığı 2022-ci il 15 dekabr tarixli sərəncamla təltif olunmuş nazirliyin əməkdaşlarına təltiflər təqdim edilib.
Sonda iclas iştirakçıları adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.
XQ