Masil Dəmirov: Heydər Əliyevin vəfatı təkcə Azərbaycanın deyil, həm də dünyanın siyasi arenasında böyük boşluq yaratdı

post-img

Azərbaycanın görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin 2003-cü ildə vəfatı təkcə Azərbaycanın deyil, həm də dünyanın siyasi arenasında böyük boşluq yaratdı. Qətiyyəti, strateji təfəkkürü, güclü liderliyi, tarixi nailiyyətləri onu Azərbaycanın tarixində unudulmaz şəxsiyyətə çevirib. 

Bu fikirləri “Xalq qəzeti”nə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

O bildirdi ki, Heydər Əliyevin liderlik keyfiyyətləri iqtisadiyyatın sabitləşdirilməsinə və siyasi sistemin möhkəmləndirilməsinə yönəlmiş islahatlarda özünü büruzə verib. Heydər Əliyev Azərbaycanda sabitliyi bərpa etdi. Onun təcrübəsi və strateji baxışı ölkəni davamlılıq və tərəqqiyə doğru istiqamətləndirən kursun müəyyənləşdirilməsinə kömək etdi. Heydər Əliyevin ən ciddi nailiyyətlərindən biri Azərbaycanın dünya birliyində nüfuzunu bərpa etməsi oldu. Ulu öndər Heydər Əliyev ölkənin beynəlxalq statusunun möhkəmlənməsində, onun periferik aktordan dünya siyasətinin mühüm iştirakçısına çevrilməsində əsas rol oynayıb. Onun strateji baxışı, diplomatik fəaliyyəti və enerji islahatları Azərbaycanı qlobal səhnədə görkəmli dövlətə çevirib. Rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanın iqtisadi artımını təmin etməklə yanaşı, qlobal enerji strukturuna da öz töhfəsini verib. 

Masil Dəmirov qeyd edib ki, Heydər Əliyevin strateji müttəfiqlikləri qoruyub saxlamaq və beynəlxalq əlaqələri inkişaf etdirmək bacarığı Azərbaycanı qlobal siyasətin görkəmli iştirakçısına çevirib. Onun qətiyyətli səyləri əsas dövlətlər və beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasına səbəb olub. Ümummilli lider Heydər Əliyev BMT, ATƏT kimi beynəlxalq təşkilatlarda ölkəmizin maraqlarını uğurla təbliğ edirdi. Onun fəaliyyəti diplomatik əlaqələrin möhkəmlənməsinə, Azərbaycan haqqında müsbət təsəvvürün formalaşmasına və iqtisadi inkişaf üçün əlverişli zəmin yaradılmasına xidmət edib. O, beynəlxalq məsələlərdə fəal iştirak edir, müxtəlif ölkələrlə diplomatik əlaqələri və əməkdaşlığı gücləndirməyə çalışırdı. 

“Bu görkəmli siyasətçinin vəfatı onun başladığı təşəbbüslərin davam etdirilməsinin məsuliyyətini kimin üzərinə götürəcəyi, Azərbaycanın strategiyasında və xarici münasibətlərində hansı dəyişikliklərin baş verəcəyi ilə bağlı suallar yaradırdı. Azərbaycan xalqı bu ağır və şərəfli missiyanı, Heydər Əliyev irsinin davamçısı olan cənab İlham Əliyevə etibar etdi. Heydər Əliyevə xas olan cəsarət, uzaqgörənlik və liderlik keyfiyyətləri Azərbaycanın təşəkkülünü və qüdrətlənməsini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyində aydın görünür. Təkcə 44 günlük Qarabağ müharibəsindəki Qələbəmiz bariz nümunələrdən biridir”, - deyə Masil Dəmirov fikirlərinə yekun vurdu.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər