2024-cü il büdcəsi müzakirə edilib

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin birgə iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev iclasda bildirib ki, növbəti ildə də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən 2024-cü il üçün muxtar respublika büdcəsinin gəlir və xərc maddələri üzrə strukturu proqnozlaşdırılıb və layihə şəklində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinə baxılması üçün təqdim edilib. Layihəyə görə 2024-cü ildə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri 173 milyon 105 min manat məbləğində proqnozlaşdırılıb. Bu da 2023-cü ildəki büdcə gəlirlərindən 20 milyon 883 min manat və ya 13,7 faiz çoxdur. 

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri isə 516 milyon 365 min manat məbləğində nəzərdə tutulub. Ötən-
ilki büdcənin xərcləri ilə müqayisədə bu il muxtar respublika büdcəsi 88 milyon 648 min manat və ya 14,7 faiz az proqnozlaşdırılıb. Bunun da başlıca səbəbi xərclərin optimallaşdırılması və bir sıra dövlət orqanlarının saxlanma xərclərinin mərkəzə ötürülməsi olub. 2024-cü il üçün nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir hissəsi xərc hissəsindən 343 milyon 260 min manat az proqnozlaşdırılır ki, yaranacaq büdcə defisitinin ayrılacaq dotasiya hesabına aradan qaldırılması nəzərdə tutulur. 

Naxçıvan Muxtar Respublikası büdcəsi gəlirlərinin 2024-cü il və növbəti üç il ərzində artan templə proqnozlaşdırılması belə deməyə əsas verir ki, ölkəmizdə makroiqtisadi sahələr ildən-ilə davamlı inkişaf etməkdədir. Naxçıvan Muxtar Respublikasının təsdiq olunacaq büdcə layihəsi bundan sonra da ölkəmizin iqtisadi inkişafının tənzimlənməsində xüsusi əhəmiyyətə malik olacaq. 

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov muxtar respublikanın gələnilki büdcəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib. Sonra 2024-cü il büdcəsinin layihəsi ətrafında geniş müzakirələr aparılıb.

İqtisadi siyasət komitəsinin üzvü Vüqar Abbasov, Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli, komitənin üzvü  Ehtimad Məmmədov, Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli, komitənin üzvü Hüseyn Bağırsoylu, Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova, Vergi Xidmətinin rəisi Abbas İsmayılov, Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək 2024-cü il büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər.

Müzakirələrdən sonra büdcə layihəsinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü ilin payız sessiyasının növbəti iclasına təqdim olunması üçün qərar qəbul edilib.

Son xəbərlər