Növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə S.Qafarova qeyd etdi ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır. 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin  bütün ərazisində keçiriləcək.

“Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar”, deyən Sədr  Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri tam yerinə yetirdiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu həyata keçirilmiş və Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuşdur. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır. 

Ölkə başçısının rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.  Prezidentin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir. 

Qeyd edildi ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini, sadəcə olaraq, vaxtından əvvəl ifadə edəcəklər. 

Əminliklə  qeyd olundu ki, gələn il fevralın 7-də şəffaf şəraitdə keçiriləcək azad və ədalətli Prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan  xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcəkdir. 

S.Qafarova 105 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə başladığını xatırladaraq dedi ki, son dərəcə mürəkkəb şəraitdə bugünün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi xalqımızın demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərən tarixi bir hadisə olmuşdur.

Sonra deputatlar növbədənkənar prezident seçkilərinin keçirilməsini  zəruri edən amillərdən söhbət açdılar. Çıxışlarda qeyd edildi ki,  ölkə başçısı qarşıya qoyduğu bütün strateji hədəflərə nail olub və onları həll edib.  Qarşıda yeni hədəflər dayanıb və ona görə də fevralın 7-də növbədənkənar seçkilərin keçirilməsi tamamailə məqsədəuyğundur. 

Sonra S.Qafarova gündəliyə 24 məsələnin çıxarıldığını dedi və Milli Məclisin qərar layihəsi barədə özü məlumat verdi. Qərar layihəsinə görə Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçildi.

Sonra gündəlikdəki digər qanunn layihələri müzakirə olundu. “Aviasiya haqqında”  qanunun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı təyyarədə verilən bəzi məlumatlara iradını bildirdi. Dedi ki,  təyyarədə eybəcər dildə danışmaq olmaz. Vaxtilə təyyarələrdə bələdçilərin danışığını özlərindən başqa heç kim başa düşümürdü.

Sonra gündəlikdəki digər qanun layihələri də müzakirə olunaraq müvafiq qərar qəbul edildi. 

 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər