XİN-də xarici diplomatlarla görüşlər

post-img

Noyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə UNECE arasında əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub.

Nazir Ceyhun Bayramov UNECE-nin əhatə dairəsinə daxil olan ətraf mühit, enerji, şəhər planlanması və s. istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin bu platforma çərçivəsində fəaliyyətə fəal töhfə verdiyini, bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha böyük təkan verdiyini diqqətə çatdırıb.

2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri olduğunu qeyd edib.

Tatyana Molçan, Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində göstərdiyi səylərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə növbəti gün Bakıda keçiriləcək SPECA Zirvə görüşünün regional və beynəlxalq çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub.

***

Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılmış son addımlar, ölkəmizin mövqeyi barədə qonağa məlumat verib.

Nazir Peter Siyarto Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. 

XQ

 

Son xəbərlər