Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 14-də və 15-də Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşlarla görüşüb.
Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl, Naftalan və digər rayonlardan görüşə gələn 120 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədəki hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Hərbi hissənin qərargahında komandir heyəti ilə keçirilən əməliyyat müşavirəsində nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.
Bundan sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Qırx beş Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda Daxili İşlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
XQ