Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Parlamentin Sədri ötən iclasdan qalmış məsələlərin müzakirəsinin davam etdirildiyini bildirdi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Banklar haqqında” qanun layihələrini təqdim etdi. Komitə sədri Siyavuş Novruzov “Banklar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bank faiz dərəcələrinin yüksək olduğunu diqqətə çatdırdı. Dedi ki, kredit götürən şəxs ancaq kredit faizi ödəmək üçün çalışır. Bu da sonda bir sıra problemlərə gətirib çıxarır. Odur ki, bu məsələlər nəzərə alınmalı və bank kredit fazi dərəcələri aşağı endirilməlidir.
Deputat, həmçinin Bakı şəhərində valyutadəyişmə məntəqələrinin açılmasını təklif etdi. Bu gün valyutadəyişmə məntəqələrinin əsasən, banklar daxilində fəaliyyət göstərdiyini deyən S.Novruzov bazar və bayram günləri insanların və turistlərin valyuta dəyişməkdə çətinlik çəkdiklərini diqqətə çatdırdı. O, şəhərin müxtəlif yerlərində valyutadəyişmə məntəqlərinin açılmasını təklif etdi. Bunun həm də bank sektoru üçün faydalı olacağını bildirdi.
“Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsi barədə parlamentin İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verdi. Qeyd etdi ki, Milli Məclisin 2024-cü il üçün xərclər smetası üçün 50 milyon 919 min manat vəsait ayrılması təklif olunur. Onun sözlərinə görə, sözügedən vəsait Milli Məclis aparatının saxlanılması, xarici və daxili ezamiyyələr, yeni avadanlıqların alınması, tədbirlərin keçirilməsinə və sair işlərin görülməsi üçün nəzərdə tutulur.
Prezident İlham Əliyevin məktubu ilə Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsini parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa təqdim etdi. Saziş Azərbaycan tərəfinin 100 milyon ABŞ dolları sərf edərək yenidənqurma işlərini həyata keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək. Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərarı layihəsinin təqdimatından sonra Milli Məclis öz işini başa çatdırdı.
Əliqismət BƏDƏLOV
XQ