Noyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Mehmet Özhasekinin rəhbərlik etdiyi və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavinlərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunun önəmi vurğulanıb. Forumun meteorologiya sahəsində türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacağına əminlik ifadə olunub.
2021-ci ildə Ankarada keçirilmiş I Meteorologiya Forumu çərçivəsində Türk Dünyası Meteorologiya Birliyinin yaradılması haqqında qəbul edilmiş qərarın önəmi diqqətə çatdırılıb. Birliyin yaradılmasının bölgədə iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
Tərəflər qlobal iqlim dəyişmələri çağırışlarına cavab vermək üçün Türk dövlətləri meteorologiya xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinin, bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini qeyd ediblər.
Azərbaycanda meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Hidrometeoroloji hadisələrin proqnozlaşdırılması ilə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıq işlərinin davam etdirildiyi vurğulanıb.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyənin Baş Meteorologiya İdarəsi arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. İki qurum arasında mütəmadi qaydada təcrübə mübadiləsinin həyata keçirildiyi bildirilib.
Həmçinin Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səyləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, 2020-ci ildən Azərbaycan Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına qoşulub, ötən dövr ərzində layihə çərçivəsində ölkə ərazisində yüz minlərlə ağac əkilib.
Türkiyə nümayəndə heyətinə Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarına dəymiş ekoloji ziyan barədə məlumat verilib.
Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində ekologiyanın, bioloji müxtəlifliyin, su bioresurslarının, təbiət abidələrinin bərpası üzrə tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın önəmini qeyd edən Ə.Əsədov Cəbrayıl rayonu ərazisində birgə həyata keçirilən “Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinin davam etdirildiyini bildirib.
Eyni zamanda, su resurslarının idarə edilməsi məsələsinə toxunan Ə.Əsədov su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda qorunmasının Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Bu baxımdan Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi ilə bağlı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi gündəlikdə duran aktual məsələ kimi qiymətləndirilib.
XQ