Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.
Görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov hazırda regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Azərbaycan tərəfindən görülən antiterror tədbirləri nəticəsində 30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna son qoyulmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırıldığı bildirilib.
Nazir bölgədə sülh üçün yaranmış hazırkı şəraitdə ölkəmizin hər zaman olduğu kimi, sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyini qeyd edib.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan–Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.
Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
XQ