AMEA-da Heydər Əliyev haqqında yeni böyük həcmli monoqrafiya hazırlanır

post-img

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasının plan-prospekti və müəlliflər heyəti təsdiqlənib.

AMEA prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ötən müddət ərzində AMEA-da çoxsaylı nəşrlər, kitablar, monoqrafiyalar, məqalələr, konfrans materialları dərc edilib, eləcə də “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” və “Heydər Əliyev və Əlyazmalar İnstitutu” adlı sənədli filmlər hazırlanır. 

Akademik bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı AMEA tərəfindən nəşri nəzərdə tutulan elmi əsərlərdən biri də “Şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasıdır: “Monoqrafiyada Azərbaycan xalqının Ümummilli Liderin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif aspektlərinə dair materialların – ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli ictimai xadim olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin  inkişafında xidmətləri, milli xarici siyasət modelinin müəyyənləşməsində fəaliyyəti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyəti və digər məsələlərin əks olunması nəzərdə tutulur. Monoqrafiyanın müəlliflər heyəti olaraq, uzun illər ərzində Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş, bu sahədə özünü təsdiq etmiş görkəmli Azərbaycan alimləri müəyyən edilmişdir”.

Qeyd olunanları nəzərə alaraq,  AMEA Rəyasət Heyəti tərəfindən “Azərbaycanın dünya miqyaslı görkəmli dövlət xadimi”, “Azərbaycançılıq ideologiyasının banisi”, “Azərbaycanın elm və təhsilinin böyük hamisi”, “Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” və “Xarici siyasətin Heydər Əliyev modeli” fəsillərindən ibarət olmaqla monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti təsdiqlənib.

Anar ƏLİ
XQ

Son xəbərlər