Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının Sədri Vladimir Orliçlə görüşüb.
S.Qafarova qonağı Azərbaycan parlamentində salamlayaraq, Vladimir Orliçin ölkəmizə ikinci dəfə səfər etdiyini qeyd edib, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin səviyyəsinin göstəricisi və əlaqələri bütün sahələrdə inkişaf etdirməyə hazır olmağımızın təzahürü kimi dəyərləndirib. O, serbiyalı qonağın ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakı çərçivəsində Azərbaycana, həmçinin, özünün bu ilin mayında Serbiyaya rəsmi səfəri və bu səfərlər çərçivəsində aparılan müzakirələri məmnunluqla xatırladıb.
Qeyd olunub ki, Azərbaycan və Serbiya dost və strateji tərəfdaş ölkələrdir. Prezident İlham Əliyevin dediyi kimi, Serbiya Azərbaycanın Avropada ən yaxın dostlarından biridir.
O deyib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. S.Qafarova daha sonra Qarabağın erməni sakinlərinə humanitar yardımların göndərildiyini, onlara miqrasiya və sosial müdafiə sahəsində yerlərdə xidmətlər göstərildiyini, müvafiq qeydiyyat proseslərinə başlanıldığını bildirib. Əlavə edib ki, Azərbaycan vətəndaşlığını qəbul edəcək şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq.
Görüşdə iqtisadi əlaqələrin daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində Serbiya şirkətlərinin də iştirak etmək istəyi diqqətə çatdırılıb.
İki ölkə arasında humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunulub. Qeyd olunub ki, Azərbaycan və Serbiya xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhərinin qardaşlaşması bu baxımdan yüksək qiymətləndirilib.
Serbiya Milli Assambleyasının Sədri dost Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirib.
Serbiyanın spikeri Azərbaycana onun ölkəsinin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək, Serbiyanın da hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ə.BƏDƏLOV
XQ