Milli Məclisin payız sessiyası işə başlayıb

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirildi. İclas açıq elan edildikdən sonra Dövlət himni səsləndirildi. Parlamentin sədri əvvəlcə sentyabrın 19–20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsindən danışdı. Dedi ki, bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edildi, İrəvanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Artıq Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu oldu. 

S.Qafarova qeyd etdi ki, Qarabağ­da xunta rejimi tamamilə ləğv olundu və xalqımıza yeni böyük qələbə sevincini ya­şadan Prezidentimiz və Silahlı Qüvvələ­rimizin Ali Baş Komandanı cənab İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha minnətdarıq. Antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qara­bağ müharibələrində, digər döyüş əməliy­yatlarında Vətən və xalq yolunda canın­dan keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edidi.

Qarabağda həyatın normal axarına qayıtması, erməni milliyyətli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlərin uğurla başa ça­tacağına əminliyini bildirən parlamentin sədri dedi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması pers­pektivi indi daha realdır və Cənubi Qafqaz­da sabitliyin bərqərar ediləcəyi gün uzaq­da deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.

Sonra deputatlar dünyasını dəyişən deputat Madər Musayevin və Mədəniy­yət komitəsinin sədri Qənirə Paşayevanın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Cari məsələlərdən söhbət açan de­putatlar sentyabrın 19–20-də Qarabağda keçirilən lokal xarakterli antiterror əməliy­yatından danışdılar. Qeyd edildi ki, Azər­baycan öz ərazisində gələcək faciələrin qarşısını almaq üçün antiterror əməliy­yatını həyata keçirməli idi. Çünki Ermə­nistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təhlükə idi və təxribatlarla müşayiət olunurdu. Azərbay­canın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana müharibə deyil, ölkəmizdə olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni er­məni silahlı birləşmələrinə qarşı idi. Təx­minən, 10 min nəfər olduğu güman edilən və Ermənistanın maliyyələşdirdiyi bu qey­ri-qanuni birləşmələr bölgədəki insanların, o cümlədən, mülki ermənilərin əmlak və həyat təhlükəsizliyini təhdid edir, Azərbay­cana qarşı cinayətlər törədirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenil­məz Ordumuz bunlara son qoydu. 

Milli Məclisin Hüquq siyasəti və döv­lət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bugünkü Ermənis­tan ərazisindən amansızcasına işgən­cələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızın Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankən­di və digər yaşayış məntəqələrinə köçü­rülməsini təklif etdi. 

Bu ilin yaz və növbədənkənar sessi­yalarının yekunları barədə məlumat ve­rildikdən sonra S.Qafarova gündəliyə 18 məsələ daxil edildiyini diqqətə çatdırdı və birinci məsələ – Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il payız sessiyası­nın qanunvericilik işləri planı haqqında Mil­li Məclisin qərarıının layihəsi barədə özü məlumat verdi. Dedi ki, layihə 10 bənd-dən ibarətdir. 

Deputatların təklif və rəylərindən son­ra qərar layihəsi səsə qoyularaq qəbul edildi.

S.Qafarova gündəlikdəki növbəti 10 məsələnin hökumətlərarası sazişdən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, qanun layihələri birinci oxunuyşda qəbul olunmalıdır. Müzakirələrdən sonra qəra­ra alındı ki, “Azərbaycan Respublikası hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katib­liyi) bundan sonra Türk Dövlətləri Parla­ment Assambleyası adlandırılsın.

“Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” də diqqət çəkən layihələrdən oldu. La­yihəyə əsasən, Azərbaycan və Gürcüstan hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivə­sində, silahlara nəzarət və tərksilah, hər­bi qanunvericilik mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hər­bi xəritəçilik, və hərbi tibbi xidmətlər; qar­şılıqlı maraq kəsb edən digər məsələlər barəsində əməkdaşlıq edəcəklər.

Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti ara­sında Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilərək, Azərbay­can–Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.

Sonra gündəlikdəki digər məsələlər də müzakirə olunaraq müvafiq qərar qə­bul edildi. 

Bununla da Milli Məclisin payız sessi­yasının ilk iclası öz işini başa vurdu.

 

Əliqismət BƏDƏLOV

XQ

Son xəbərlər