Naxçıvan Dövlət Universitetinin komandası Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “2023 ENACTUS” Azərbaycan Milli Yarışının qalibi olub.
Gənclər Fondu, Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən yarışın final mərhələsində 6 komanda – Naxçıvan Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan–Fransız Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Gəncə Dövlət Universitetinin komandaları mübarizə aparıb. “Zeropollution”, “Termobee” layihələri iləçıxış edən NDU-nun ENACTUS komandası rəqiblərindən güclü olduğunu sübut edib.
Naxçıvanlı tələbələr oktyabr ayında Niderlandın Utrext şəhərində keçiriləcək dünya ENACTUS çempionatında Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsasını 1975-ci ildə ABŞ universitetləri qoyub. ENACTUS biznesin müsbət gücü ilə daha yaxşı və davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. 2014-cü ildə ölkəmizdə ENACTUS-un qalibi Naxçıvan Dövlət, 2015-ci ildə Dövlət Aqrar, 2017-ci ildə Dövlət İqtisad, 2020-ci ildə Bakı Dövlət universitetləri, 2016, 2018 və 2019-cu illərdə isə Dövlət İdarəçilik Akamediyası olub.
T.RÜSTƏMLİ
XQ

