Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq 9 gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər. Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə deyib: “Bir həftə ötməsinə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən yardımın qəbul edilməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti, əməkdaşları və könüllüləri ərazidə qurulan çadırlarda gecələyir və öz vəzifə borclarını yerinə yetirməyə hazırdırlar. Cavab alındığı təqdirdə onlar 40 ton un məmulatlarını dərhal Qarabağ iqtisadi bölgəsində yaşayan erməniəsilli sakinlərə çatdıracaqlar. Biz hələ də cavab gözləyirik”.
XQ

