“Şimali və Şərqi Qafqaz yahudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq-elmi konfrans keçirilir

post-img

Avqustun 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin platformasında Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Qeyd edək ki, konfransdan əvvəl Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinnin icraçı direktoru Rəvan Həsənov, Aşkelon Akademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bar-İlan Universiteti Təhsil fakültəsinin dekanı Zehavit Qrossun görüşu olub.

Mərkəzin icraçı direktoru Rəvan Həsənov ölkəmizdə multikulturalizmə aid tədbirlərin keçirilməsinin ənənəvi hal aldığını qonaqların diqqətinə çatdırıb.

Rektor Kamal Abdulla Azərbaycan Dillilər Universiteti haqqında məlumat verərək qeyd edib ki, bu gün universitetdə 20-yə yaxın dil öyrədilir. Buraya təkcə Avropa dilləri daxil deyil, o cümlədən bizdə Yəhudi Dili Mərkəzi də var: "Paralel olaraq çalışırıq ki, Azərbaycan dilini də digər ölkələrdə yayaq. Bu məqsədlə bəzi ölkələrdə Azərbaycan Dili Mərkəzi də var. İsraildə də bu cür mərkəzlər yaradılsa sevinərik".

O əlavə edib ki, universitetimiz modern dillərin öyrənilməsində 300-cü yerdədir. Bu 1600 universiteti arasındakı statistikadır.

K.Abdulla qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudilərlə münasibətlər çox gözəl inkişaf edib. Ümumiyyətlə, bütün dinlər arasındakı münasibətlər harmonik vəziyyətdir. Ölkəmizdə aparılan siyasət bunu tənzimləyən amillərdəndir ki, bütün konfessiyalara bərabər münasibət göstərilir. Nəticədə isə bu xüsusiyyətlər Azərbaycanda multikulturalizmin çiçəklənməsinə gətirib çıxarıb.

O, 1918-ci il Mart soyqırımını haqqında qonaqlara məlumat verib. Bildirib ki, ermənilərin törətdiyi cinayətlər zamanı təkcə azərbaycanlılar öldürülməyib. Onların arasında yəhudilər də çox olub. Bu məsələlər ADU-da dərslər vasitəsilə tələbələrə çatdırılır.

Sonda qonaqlara hədiyyələr təqdim edilib.

Azərbaycan Dillər Universitetində baş tutan konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edir.

İki gün davam edəcək beynəlxalq konfransın 13 panel iclasında - "Adət və ənənələr". "Azərbaycanda ve Yəhudi İcmasında multikulturalizm", "Milli ve Etnik Kimlik", "Sionist Fealiyyet ve Qafqazdan immiqrasiya", "İsrail-Azərbaycan münasibətləri". "Bakıdakı Yəhudi İcması: Tarix və Cəmiyyət", "Dil ve Kimlik", "Qafqaz yəhudiləri Müasir dövrdə". "Dağ Yəhudiləri İkinci Dünya müharibəsi dövründə", "Mədəniyyət və incəsənət" "Yəhudilər Azərbaycanda", "Qafqaz yəhudilərinin tədqiqi mənbələri" mövzularında geniş müzakirələr aparılacaq.

Konfrans Bar-Ilan Universitetinin nəzdində Dahan Mərkəzi (İsrail), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan İlahiyyat Institutu, Akademik Aşkelon Kolleci (Israil), Dağ Yahudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI"-nin birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın musiqi və rəqslərinin də nümayiş olunacağı Qala tədbirinin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər