Tomas Qoltz... Unudulmaz dostumuz

post-img

Tanınmış Amerika tarixçisi, jurnalisti və yazıçısı, Azərbaycanın dostu Tomas Qoltz dünən 68 yaşında dünyasını dəyişdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məşhur jur­nalist, yazıçı, analitik, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı ilə əlaqədar mərhumun ailəsinə baş­sağlığı verərək, bu itkidən kədərlən­diyini ifadə edib.

Yaponiyada anadan olan, ABŞ-da böyüyərək Nyu-York Universiteti­ni bitirən, 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliy­yəti ilə məşğul olan Tomas Qoltz yazdığı kitablarda dünyanın “qaynar” nöqtələrində baş verən hadisələri obyektiv təsvir etmişdir. Onun Azər­baycan və Xəzəryanı bölgə üzrə apardığı tədqiqatları elmi və siyasi dairələrdə maraqla qarşılanırdı. 

Tomas Qoltz “Azərbaycan gün­dəliyi” kitabında Xocalı faciəsindən, “Çeçenistan” və “Gürcüstan” gündə­liklərində isə həmin ərazilərdə baş verən hadisələrdən bəhs olunur. Ta­nınmış jurnalist və aparıcı 1992-ci ilin fevralında Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Müəllif həmin məşum hadisələri ürək ağrısı ilə qələmə alıb. Onun artıq keçmiş­də qalmış Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağ­lı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin bizim haqq səsimi­zin dünyaya çatdırılmasında misilsiz rolu olduğunu xüsusi vurğulamaq lazımdır. Maraqlıdır ki, o, hətta Qa­rabağ münaqişə nəticəsində doğma stadionundan məhrum olmuş Ağda­mın “Qarabağ” futbol klubu haqqında “Ümumi nəticə: Evsiz Çempionlar” adlı sənədli film də çəkmişdir.

O, dəfələrlə Azərbaycana səfər edib, haqq səsimizi dünyaya yayıb. Ulu öndər Heydər Əliyevlə Tomas Qoltzun aralarında qarşılıqlı hörmət və ehtiram, səmimi dostluq münasi­bəti vardı. Prezident İlham Əliyevlə də onun görüşləri həmişə son dərə­cə səmimi ruhda keçib. Son dəfə bu ilin mayında dövlət başçımız Şuşada onunla görüşmüşdü. 

Qafqaz bölgəsində, o cümlədən Azərbaycanda sülhə və barışığa verdiyi töhfəyə görə Tomas Qoltz ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür. Mərhum bir çox dillərdə, o cümlədən türk, Azər­baycan, alman, rus, ərəb və fars dil­lərində sərbəst danışırdı. 

Jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təc­rübəsi və yüksək peşəkarlığı ilə nü­fuz qazanmış Tomas Qoltzun dərin araşdırmalarına, qərəzsiz təhlillərinə olan oxucu marağı bundan sonra da azalmayacaq. Onun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşaya­caq.

“Xalq qəzeti”

Son xəbərlər