Türkiyənin Jandarm nümayəndə heyəti Azərbaycanda

post-img

Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ali Çardakçı və onu mü­şayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Ulu öndərin əziz xatirə­sini ehtiramla yad ediblər. 

Daha sonra qonaqlar Şəhidlər Xiya­banındakı “Əbədi məşəl” kompleksini və Türk Şəhidliyini ziyarət ediblər. 

İyulun 20-də Daxili işlər naziri ge­neral-polkovnik Vilayət Eyvazov ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xət­lə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mər­hələyə qədəm qoyduğunu məmnunluq­la xatırladıb. 

Nazir rəhbərlik etdiyi qurumun Tür­kiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Baş Komandanlığı ilə müna­sibətlərin əməkdaşlığın genişləndiril­məsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müa­sir tələblərə cavab verən quruma çev­rilməsində, şəxsi heyətin peşəkarlığı­nın daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

Səmimi qəbula və ətraflı məluma­ta görə minnətdarlığını bildirən ordu generalı Ali Çardakçı Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlə­rindən biri olmasından, ölkəmizin dina­mik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun oldu­ğunu bildirib.

O, iki ölkənin müvafiq orqanları ara­sındakı faydalı işbirliyini yüksək qiymət­ləndirib, “Bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxi­li Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb. 

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. 

Daxili Qoşunların Baş İdarəsində Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leyte­nant Şahin Məmmədovun ordu gene­ralı Ali Çardakçının rəhbərlik etdiyi nü­mayəndə heyəti ilə də görüşü olub. 

General-leytenant Şahin Məmmə­dov Türkiyə Jandarm Baş Komandan­lığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Qo­şunların Vətən müharibəsindəki döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib. 

Səfər çərçivəsində dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qo­şunların Ali Hərbi Məktəbində təlim-təd­risin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yer­ləşən “N” saylı hərbi hissələrlə tanış olublar.

“Xalq qəzeti”

Son xəbərlər