İyulun 5-6 tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun Nazirlər İclası çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahının açılış mərasimi olub.
2022-ci ildə Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa Akkordu ilə qəbul edilmiş QHGT-nin Nizamnaməsinə uyğun olaraq, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşir.
Açılış mərasimində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə bildirib ki, QHGT-nin mənzil qərargahının yaradılması müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində QH gənclərinin maraqlarını beynəlxalq forumlarda təmsil etmək, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaqdır.
Xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək QHGT-nin uğurlu fəaliyyətinin QH gənclərinin müasir çağırışlara birgə cavab verməsində əhəmiyyətini vurğulayaraq, mənzil qərargahında çalışan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən QHGT-nin fəaliyyətinə göstərilən hər cür dəstəyin davam etdiriləcəyini qeyd edib.
“Xalq qəzeti”